Bakıda keçirilən AVRO-ATLANTİK AZƏRBAYCANLILAR TƏRƏFDAŞLIQ ŞURASININ (EAPCA) geniş tərkibli rəsmi tədbirində çıxış edən Milli Məclisin deputatı Rizvan Nəbiyev Prezident İlham Əliyevin dövlətçilik xəttinin Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və milli ləyaqətinin bərpasında həlledici rol oynadığını bildirib.
Brtm.az xəbər verir ki, deputat qeyd edib ki, ləyaqətimizin bərpası yalnız 10 milyonluq Azərbaycan əhalisi deyil, daha geniş coğrafiyada yaşayan bütün soydaşlarımıza da aiddir:
“Avropada təhsil aldığım illərdə Azərbaycan diaspor təşkilatları müəyyən çətinliklərlə fəaliyyət göstərsə də, bu gün vəziyyət dəyişib, Azərbaycan diasporu güclü şəkildə təşkilatlanır, dövlətçilik maraqlarımız uğrunda fəaliyyət göstərdiyi ölkələrin siyasi dairələri ilə effektiv əlaqələr qurur.”
Deputat vurğulayıb ki, bu inkişafın əsas səbəbi Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətidir:
“Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizin dünya miqyasında mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir”.
Sonda Rizvan Nəbiyev Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının fəaliyyəti ilə bağlı təbriklərini çatdırıb:
“Sahil müəllim və təşkilat üzvləri Vətənə xoş gəlmisiniz, fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Bu yol ölkəmizin uğur yoludur.”