Bakıda keçirilən Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) geniş tərkibli rəsmi tədbirində çıxış edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Azərbaycanın informasiya mübarizəsində qarşılaşdığı çağırışlar və yeni əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
Brtm.az xəbər verir ki, Rauf Arifoğlu bildirib ki, bu gün beynəlxalq media müstəvisi Azərbaycanın haqq səsinin duyurulması üçün həm yeni platformalar, həm də daha güclü koordinasiya tələb edir:
“Xəbərə çevrilmək bir hadisə, həm də qabiliyyətdir. Qarşıda yeni mərhələ başlayır və biz yalnız haqq səsini duyurmaqla kifayətlənməməli, Avropanın bütün istiqamətlərində sistemli şəkildə fəaliyyət göstərməliyik. Azərbaycanın yaşadığı informasiya hücumları təkcə xaricdən deyil, həm də özünü azərbaycanlı kimi təqdim edən bəzi şəxslər vasitəsilə həyata keçirilir. Sizin yaşadığınız paytaxtlardan Azərbaycana zaman-zaman informasiya atəşləri açılır. Təəssüf ki, sapı özümüzdən olan baltalar da bu prosesdə istifadə olunur və böyük zərər vururlar.”
Rauf Arifoğlu vurğulayıb ki, bu vəziyyət media və diaspor nümayəndələrinin daha güclü həmrəyliyini tələb edir. Onun sözlərinə görə, gənc jurnalistlərin və blogerlərin düzgün istiqamətləndirilməsi bu mübarizədə əsas amillərdəndir:
“Gənc jurnalistləri və blogerləri təşkilatlandırmaq, onların fəaliyyətini düzgün kanallara yönəltmək lazımdır ki, istedadlar proseslərdə aktiv rol oynaya bilsin. Azərbaycanın dövlətçiliyinə qarşı aparılan informasiya hücumlarının hədəfi açıq şəkildə görünür. Azərbaycan Prezidenti və Azərbaycan dövləti ölkəmizin zirehidir. Məhz bu zirehə atəş açılır. Buna görə də informasiya təhlükəsizliyi sahəsində daha peşəkar yanaşma vacibdir.”
Arifoğlu çıxışının sonunda bildirib ki, EAPCA kimi təşkilatların fəaliyyəti Azərbaycan mediası, diasporu və dövlət institutları arasında yeni koordinasiya imkanları yaradır.