Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan İstiqlal Muzeyinin ev sahibliyi ilə “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib. Tədbirin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal ideyalarının, milli dövlətçilik ənənələrinin və Azərbaycanın müstəqillik tarixinin əhəmiyyətinin ictimaiyyətə çatdırılması, eləcə də bu tarixi irsin gənc nəslə daha geniş şəkildə aşılanması olub. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin rəhbəri Rauf Zeyni açaraq iştirakçıları salamlayıb. O, Azərbaycanın müstəqillik tarixinin öyrənilməsinin, milli dövlətçilik ənənələrinin qorunmasının və istiqlal ideyalarının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Tədbirdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı, millət vəkili Aydın Mirzəzadə,baş nazirin sabiq müavini sabiq təhsil naziri, professor Firudin Ağasıoğlu, ictimai-siyasi xadim, istiqlalçı millət vəkili, baş nazirin sabiq müavini Vahid Əhmədov, Sabit Bağırov, ictimai xadim Əliməmməd Nuriyev, İlham Məmmədov, birlik sədri İradə Rzazadə, Azad Rzayev, ictimai fəal Məhsəti Hüseynova, ictimai fəal Asim Vəliyev, həmçinin elm və təhsil, mədəniyyət, media, vətəndaş cəmiyyəti, gənclər və digər ictimai sahələrin nümayəndələri iştirak ediblər. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının milli dövlətçilik tariximizdəki rolu, Müstəqillik Bəyannaməsinin tarixi və siyasi əhəmiyyəti, Azərbaycanın müstəqillik ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi məsələləri diqqət mərkəzində olub. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi müstəqillik milli iradənin və azadlıq istəyinin tarixi ifadəsi olmaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Cümhuriyyət dövründə formalaşan dövlətçilik ənənələri və milli istiqlal ideyaları müasir Azərbaycanın dövlətçilik irsinin mühüm tərkib hissələrindən biridir. Tədbir iştirakçıları milli-mənəvi dəyərlərin qorunmasının, dövlətçilik ənənələrinin yaşadılmasının, tarixi yaddaşın möhkəmləndirilməsinin və xüsusilə gənclər arasında milli şüurun inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbirdə müxtəlif sahələri təmsil edən ziyalıların, ictimai xadimlərin, dövlət və vətəndaş cəmiyyəti nümayəndələrinin, media və gənclər təşkilatlarının bir araya gəlməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, bu cür platformalar fikir mübadiləsinin aparılması, tarixi irsin birgə müzakirəsi və milli həmrəyliyin daha da gücləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bakı İctimai Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin rəhbəri Rauf Zeyni çıxışında qeyd edib ki, rəhbərlik etdiyi təşkilat bundan sonra da Azərbaycanın tarixinin, milli-mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin təbliğinə, tarixi yaddaşın qorunmasına və gənc nəslin milli dövlətçilik ruhunda maarifləndirilməsinə yönəlmiş layihələrin həyata keçirilməsini davam etdirəcək. Tədbirin sonunda iştirakçılara təşəkkür bildirilib, Azərbaycanın müstəqillik tarixinin, milli-mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin təbliği istiqamətində birgə təşəbbüslərin və yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Vətəndaş cəmiyyəti və ictimai nəzarət mövzusunda ictimai müzakirə keçirildi – FOTO
10 dekabr 2025-ci ildə İctimai Nəzarət Mərkəzi İdarə Heyətinin təşəbbüsü ilə “Vətəndaş cəmiyyəti və ictimai nəzarət” mövzusunda geniş tərkibli ictimai müzakirə təşkil olunub. Bu barədə Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, tədbirdə ölkədə aparılan islahatlar, mövcud ictimai-sosial vəziyyət və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tədbirdə tanınmış QHT rəhbərləri və ekspertlər – Cəsarət Hüseynzadə, İradə Rzazadə, İlqar Hüseynli, Məshəti Hüseynova, Ramil Əliyev, Esmira Rəhimova, Şəlalə Həsənova, Zamin Zeynal, Dünya Əliyeva, Aynur İsayeva, Eldar, Məlik Abbas, Xuraman Quliyeva, Elmira İsmayılova, Rövşən Vəliyev və digər iştirakçılar mövzu ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər. Rauf Zeyni bildirib ki, ekspertlərin ümumi rəyi vətəndaş cəmiyyətinin hazırda yüksəliş dövrü yaşaması, lakin ictimai nəzarətin çətin vəziyyətdə olması ilə bağlı olub: “Müzakirələr zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatların nəticələri, vətəndaş cəmiyyətinin rolu və ictimai nəzarətin hazırkı vəziyyəti geniş təhlil olundu. Hər kəs ictimai nəzarətin vacibliyini vurğuladı. Prezident dəfələrlə bildirib ki, vətəndaşlar ictimai nəzarətdə fəal olmalıdırlar. Qeyri-hökumət təşkilatları da bu prosesdə mühüm rol oynayır. Şəffaflığın artırılması, korrupsiyanın vaxtında aşkar olunması üçün ictimai nəzarət gücləndirilməlidir.” Tədbirdə bildirilib ki, ictimai nəzarət mexanizmlərinin səmərəli işləməsi üçün daha sistemli və koordinasiyalı fəaliyyət, vətəndaş müraciətlərinə operativ reaksiya, mediada işıqlandırmanın gücləndirilməsi və mütəmadi ictimai müzakirələrin təşkili vacibdir. Eyni zamanda, İctimai Nəzarət Mərkəzinin gələcək fəaliyyət planının hazırlanması, vətəndaş cəmiyyəti subyektləri ilə əməkdaşlığın genişləndirilməsi, media və bələdiyyə strukturları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi təklif edilib. Rauf Zeyni tədbirin yüksək qiymətləndirildiyini bildirib: “İştirakçılar bu toplantının çox faydalı olduğunu qeyd etdilər və belə müzakirələrin daha tez-tez keçirilməsini arzuladılar.” Pərvanə Fərhadqızı Paylaş
Diasporun yeni güc mərkəzi: Avro-Atlantik Şura Bakıda hədəflərini açıqladı – Qərbi Azərbaycana qayıdış gündəmdə
Bu gün Bakı şəhərində Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının təqdimat mərasimi keçirilib. Tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Şuranın Baş katibi Sahil Qasımov qonaqları salamlayaraq qurumun yaranma tarixindən bəhs edib. Onun sözlərinə görə, Şura bir il əvvəl Brüsseldə, Azərbaycanın Avropa İttifaqındakı səfirliyində təsis olunub. Avropanın 10 ölkəsində fəaliyyət göstərən təşkilatlar bu qurumu yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Qasımov qeyd edib ki, Şuranın rəsmi qeydiyyatı Niderland Krallığında həyata keçirilib. “Bu təşkilatın təsisçilərinin böyük hissəsi hazırda Azərbaycandadır. Bu gün Azərbaycan ictimaiyyətinə geniş məlumat vermək istəyirik. Biz Diasporla İş üzrə Dövlət Komitəsi və media ilə sıx əməkdaşlıq edirik və bu əməkdaşlığı daha da genişləndirməyi planlaşdırırıq. Qarşıda Qərbi Azərbaycan məsələsi kimi böyük hədəflərimiz var. Biz öz vəzifələrimizi bilirik və onları yerinə yetirmək üçün əzmlə çalışacağıq”, – deyə Sahil Qasımov bildirib. Qurumun Baş katibi xatırladıb ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə bir sıra jurnalistləri təltif edib. Tədbirdə həmin media nümayəndələrinə mükafatlar təqdim olunub. Daha sonra müxtəlif ölkələrdən olan Azərbaycan diasporunun təmsilçiləri səhnəyə dəvət edilib və onlara fəxri mükafatlar verilib. Ardınca çıxış edən millət vəkili Tənzilə Rüstəmxanlı Şura üzvlərinin fəaliyyətini yüksək qiymətləndirib: “Bu təşkilatda birləşən azərbaycanlılar iş görmək, ölkəmizi layiqincə təmsil etmək istəyən şəxslərdir. Mən Sahil Qasımovun və Arzu xanımın böyük zəhmətlərinin şahidi olmuşam. Bu gün Avropada Azərbaycan üçün çalışmaq daha rahatdır, çünki ortada qalib ölkə və güclü siyasi iradə var. Azərbaycan xalqını illərlə həsrətində olduğu zəfərə çatdıran lideri var. Avropalılar Prezident İlham Əliyev haqqında böyük hörmətlə danışırlar. ABŞ belə, uzun illər boyu Azərbaycanı qəbul etmirdi, amma bu gün münasibətin necə dəyişdiyi göz önündədir”. Tənzilə Rüsəmxanlı bildirib ki, Şuranın fəaliyyəti ən çətin dövrlərdə belə davam edib: “Siz işə başlayanda vəziyyət çox ağır idi. Xocalı ilə bağlı tədbir keçirmək üçün Avropada yer tapmaq belə mümkün olmurdu. Ermənilər ciddi təzyiqlər göstərirdilər. Sahil bəy və Ofeliya xanım ağır basqılar altında Xocalı soyqırımı ilə bağlı tədbirlər təşkil edirdilər. Mənim yadımdadır, Şuranın qadın üzvləri Azərbaycan bayrağını əllərində daşıyaraq tədbirlərə gedəndə ermənilər tərəfindən açıq-aşkar təhqirlərə məruz qalırdılar. Amma onların Azərbaycan sevgisi bir an belə sönmürdü. Onlar böyük əzmlə haqq səsimizi ucaldırdılar. Sizlərə ağır zamanda Avropanın müxtəlif bölgələrində toplaşaraq, Azərbaycanın maraqları uğrunda verdiyiniz mübarizəyə görə minnətdaram”. Millət vəkili Elman Rüstəmov da çıxışında Şuranın qısa zamanda genişlənərək artıq 10-dan çox təşkilatı birləşdirdiyini bildirib: “Azərbaycan Prezidenti dəfələrlə vurğulayıb ki, diaspora nümayəndələri yaşadıqları ölkələrdə siyasi amilə çevrilməlidirlər. Anti-Azərbaycan mahiyyətli qətnamələrin əleyhinə AŞPA və Avropa Parlamentində ilk etiraz səsini ucaldan məhz Avropa azərbaycanlılarının təşkilatı olub və bu prosesdə Sahil Qasımovun xüsusi rolu var. Onu Avropanın bir çox ölkəsində Azərbaycanın milli maraqlarını müdafiə edən mübariz şəxs kimi tanıyırlar”. E. Rüstəmov vurğulayıb ki, Şura gələcəkdə daha böyük işlər görəcək: “Sizin potensialınız və qazandığınız hörmət var. Cəmiyyətdə formalaşdırdığınız nüfuz göstərir ki, Azərbaycanın haqq işini yüksək səviyyədə müdafiə etməyə davam edəcəksiniz. Təşkilat bir komanda ruhunda işləyir və bu, uğurun əsas səbəblərindəndir. Bu tədbirlərin işıqlandırılmasında Rauf Arifoğlunun təsisçisi olduğu media qurumunun da böyük dəstəyi var”. Çıxış edən millət vəkili Rizvan Nəbiyev isə Azərbaycan Ordusunun qazandığı zəfərin həm ölkə daxilində, həm də diaspor müstəvisində böyük uğurlar yaratdığını bildirib: “Azərbaycan öz ərazi bütövlüyünü və milli ləyaqətini bərpa etdi. Bu prosesdə dünya azərbaycanlılarının rolu danılmazdır. Diaspora o zaman güclü olur ki, çalışdığı ölkələrin siyasi dairələri ilə əlaqələr qurur, özünü tanıdır, mövqeyini bildirir. Bu baxımdan Sahil bəy və komandasının fəaliyyəti təqdirəlayiqdir. Qalib Azərbaycanı təmsil etmək böyük qürurdur. Prezidentin siyasi kursu sizin üçün əsas istiqamətdir və bu yolda sizə uğurlar arzulayıram”. “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu çıxışında bildirib ki, diaspora təşkilatlarının fəaliyyəti informasiya savaşında xüsusi rol oynayıb: “Onlar Xocalının, Qarabağın səsini duyurmaq üçün mübarizə aparan insanlardır. Bu mübarizə o ölkələrdə gedirdi ki, illərlə Azərbaycana qarşı ikili standart nümayiş etdiriblər. Diaspor nümayəndələri həmin ölkələrin ictimai fikrini dəyişməyi bacardılar. Onlar bunu çox məhdud imkanlarla edirdilər. İndi isə yeni dövr başlayır. Sizin yaşadığınız ölkələrdə ölkəmizə qarşı çıxış edən bəzi şəxslər var. Onlarla düzgün informasiya mübarizəsi aparılmalıdır. Çevrənizdə blogerlər, jurnalistlər var – onları təşkilatlandırmaq, koordinasiya etmək mütləqdir. Xarici kəşfiyyat strukturlarına bağlı olanlarla mübarizə aparmaq vacibdir”. Qeyd edək ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) 2023-cü ildə Brüsseldə, Azərbaycanın Avropa İttifaqı yanındakı səfirliyində yaradılıb. Şura Avropanın 10 ölkəsinin Azərbaycan təşkilatları tərəfindən təsis olunub və rəsmi qeydiyyatdan Niderland Krallığında keçib. Musavat.com Mənbə: Musavat.com
QHT sədri: “Avropada Azərbaycan həqiqətlərini tanıdan soydaşlarımız hər zaman qürurvericidir”
“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev Bakıda baş tutan Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının tədbirində iştirak edərək tədbirin təşkilinə və təqdim olunan məzmunlara dair fikirlərini QHT.az-a bölüşüb. Onun sözlərinə görə, toplantı yeni üslubda, yüksək səviyyədə təşkil olunub və iştirakçılara təqdim edilən videoçarx qurumun fəaliyyəti ilə tanışlıq baxımından müsbət təsir yaradıb. Ramil Əliyev qeyd edib ki, illərdir Avropada Azərbaycanı fəal şəkildə təmsil edən Sahil Qasımov və digər diaspor nümayəndələri işğal dövründə belə ölkənin haqlı mövqeyinin tanıdılması üçün mühüm aksiyalar və mitinqlər təşkil ediblər: “Azərbaycan həqiqətlərini müdafiə edən diaspor üzvləri bəzən təzyiqlərlə üzləşsələr də, vətən sevgisi və əzmkarlıqla fəaliyyətlərini davam etdiriblər. 44 günlük Vətən müharibəsindən sonra diasporun rolu daha da artıb və Avropada fəaliyyət göstərən təşkilatların sülh dövründə də fəal mövqe sərgiləməsi vacibdir. EAPCA kimi qurumların mövcudluğu Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin güclənməsi baxımından əhəmiyyətli olacaq”. Ramil Əliyev sonda təşkilata gələcək fəaliyyətində uğurlar arzulayaraq bildirib ki, Bakıda təqdimatı keçirilən bu platformanın yeni təşəbbüsləri ölkə üçün faydalı nəticələr verəcək.
Azər Həsrət: “Avropada Azərbaycanı ləyaqətlə təmsil etmək hər birimizin üzərinə düşən milli məsuliyyətdir”
Bakıda keçirilən Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) geniş tərkibli rəsmi tədbirində çıxış edən BAYRAQDAR MEDİA-nın qurucu baş redaktoru Azər Həsrət diaspor fəaliyyətinin milli məsuliyyət olduğunu vurğulayıb və Azərbaycanı xaricdə layiqli şəkildə təmsil etməyin önəmindən danışıb. Brtm.az xəbər verir ki, Azər Həsrətin sözlərinə görə, bu gün Avropada Azərbaycan həqiqətlərini müdafiə etmək əvvəlki illərə nisbətən daha əlverişli olsa da, bu yol heç vaxt asan olmayıb: “Elə vaxtlar olub ki, heç kəsin ürək edib səsini çıxara bilmədiyi məqamlarda siz bu işi görmüsünüz. Bu gün bəlkə rahat danışa bilirik, amma keçmişdə xaricdəki toplantılarda bəzən cəmi bir neçə nəfərlə Azərbaycanın haqq səsini müdafiə etmişik. Azərbaycanı xaricdə təmsil edən hər bir şəxs davranışına, sözünə və fəaliyyətinə görə bütöv bir xalqı təmsil etdiyini unutmamalıdır. Biz ölkə daxilində adi vətəndaş ola bilərik, amma ölkədən kənarda hər bir addımımız bütün milləti təmsil edir. Buna görə də hər kəs məsuliyyət hiss etməlidir.” Azər Həsrət heç bir əsas olmadan Azərbaycana qarşı təhqiramiz çıxışlar edən bəzi şəxsləri də tənqid edib: “Avropada oturub vətəninə qarşı kirli sözlər deyənlər var. Onların sonu gələcək. Çünki insan doğulduğu torpağa qarşı şər və böhtanı peşəyə çevirirsə, artıq haqqı çoxdan itirir.” O çıxışının sonunda bildirib ki, Azərbaycan diasporunun güclənməsi, həmrəyliyin artması və EAPCA kimi qurumların fəaliyyəti ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə mühüm töhfə verir.