Bakıda keçirilən Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) geniş tərkibli rəsmi tədbirində çıxış edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Azərbaycanın informasiya mübarizəsində qarşılaşdığı çağırışlar və yeni əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb. Brtm.az xəbər verir ki, Rauf Arifoğlu bildirib ki, bu gün beynəlxalq media müstəvisi Azərbaycanın haqq səsinin duyurulması üçün həm yeni platformalar, həm də daha güclü koordinasiya tələb edir: “Xəbərə çevrilmək bir hadisə, həm də qabiliyyətdir. Qarşıda yeni mərhələ başlayır və biz yalnız haqq səsini duyurmaqla kifayətlənməməli, Avropanın bütün istiqamətlərində sistemli şəkildə fəaliyyət göstərməliyik. Azərbaycanın yaşadığı informasiya hücumları təkcə xaricdən deyil, həm də özünü azərbaycanlı kimi təqdim edən bəzi şəxslər vasitəsilə həyata keçirilir. Sizin yaşadığınız paytaxtlardan Azərbaycana zaman-zaman informasiya atəşləri açılır. Təəssüf ki, sapı özümüzdən olan baltalar da bu prosesdə istifadə olunur və böyük zərər vururlar.” Rauf Arifoğlu vurğulayıb ki, bu vəziyyət media və diaspor nümayəndələrinin daha güclü həmrəyliyini tələb edir. Onun sözlərinə görə, gənc jurnalistlərin və blogerlərin düzgün istiqamətləndirilməsi bu mübarizədə əsas amillərdəndir: “Gənc jurnalistləri və blogerləri təşkilatlandırmaq, onların fəaliyyətini düzgün kanallara yönəltmək lazımdır ki, istedadlar proseslərdə aktiv rol oynaya bilsin. Azərbaycanın dövlətçiliyinə qarşı aparılan informasiya hücumlarının hədəfi açıq şəkildə görünür. Azərbaycan Prezidenti və Azərbaycan dövləti ölkəmizin zirehidir. Məhz bu zirehə atəş açılır. Buna görə də informasiya təhlükəsizliyi sahəsində daha peşəkar yanaşma vacibdir.” Arifoğlu çıxışının sonunda bildirib ki, EAPCA kimi təşkilatların fəaliyyəti Azərbaycan mediası, diasporu və dövlət institutları arasında yeni koordinasiya imkanları yaradır.
Sahil Qasımov: “Qərbi Azərbaycan və Türk Dövlətləri üzrə böyük vəzifələr bizi gözləyir”
Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov Bakıda keçirilən AVRO-ATLANTİK AZƏRBAYCANLILAR TƏRƏFDAŞLIQ ŞURASININ (EAPCA) geniş tərkibli rəsmi tədbirində çıxışı zamanı Azərbaycanın informasiya mübarizəsində əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr haqqında danışıb. Brtm.az xəbər verir ki, Sahil Qasımov qeyd edib ki, uzun illər ərzində Qarabağ münaqişəsi bəzi dairələr tərəfindən yanlış şəkildə dini müstəviyə çəkilməyə çalışılsa da, Azərbaycan tərəfinin ardıcıl və faktlara söykənən fəaliyyəti bu cəhdlərin qarşısını alıb: “Qarabağ məsələsi nə dini, nə də siyasi manipulyasiyalarla izah edilə bilərdi. Biz bu təhriflərin qarşısını aldıq və həqiqəti qəbul etdirə bildik. Müharibədən sonrakı dövr yeni mərhələnin başlanğıcıdır və bu mərhələdə daha çox iş görülməlidir. Bundan sonra əlimizi yanımıza qoymamalıyıq. Daha çox işləməli, daha çox fəaliyyət göstərməliyik. Qarşıda böyük məsələlər var. Yaxın perspektivdə diqqət Qərbi Azərbaycan məsələsinə və Türk Dövlətləri Təşkilatı xəttində əməkdaşlığın gücləndirilməsinə yönələcək. Qarşıda Qərbi Azərbaycan məsələsinin beynəlxalq müstəvidə gündəmdə saxlanılması və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin davam etdirilməsi istiqamətində mühüm işlər görməliyik. Üzərimizə düşən missiyanı yaxşı dərk edirik və bu istiqamətdə fəaliyyətimizi genişləndirəcəyik.” Sahil Qasımov çıxışının sonunda təşkilat üzvlərinə və tədbir iştirakçılarına göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Deputat: “Prezidentimizin siyasəti Azərbaycanın suverenliyini və milli ləyaqətini bərpa etdi, beynəlxalq nüfuzunu daha da artırdi”
Bakıda keçirilən AVRO-ATLANTİK AZƏRBAYCANLILAR TƏRƏFDAŞLIQ ŞURASININ (EAPCA) geniş tərkibli rəsmi tədbirində çıxış edən Milli Məclisin deputatı Rizvan Nəbiyev Prezident İlham Əliyevin dövlətçilik xəttinin Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və milli ləyaqətinin bərpasında həlledici rol oynadığını bildirib. Brtm.az xəbər verir ki, deputat qeyd edib ki, ləyaqətimizin bərpası yalnız 10 milyonluq Azərbaycan əhalisi deyil, daha geniş coğrafiyada yaşayan bütün soydaşlarımıza da aiddir: “Avropada təhsil aldığım illərdə Azərbaycan diaspor təşkilatları müəyyən çətinliklərlə fəaliyyət göstərsə də, bu gün vəziyyət dəyişib, Azərbaycan diasporu güclü şəkildə təşkilatlanır, dövlətçilik maraqlarımız uğrunda fəaliyyət göstərdiyi ölkələrin siyasi dairələri ilə effektiv əlaqələr qurur.” Deputat vurğulayıb ki, bu inkişafın əsas səbəbi Prezident İlham Əliyevin ardıcıl və məqsədyönlü siyasətidir: “Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizin dünya miqyasında mövqeyinin daha da möhkəmləndirilməsinə töhfə verir”. Sonda Rizvan Nəbiyev Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının fəaliyyəti ilə bağlı təbriklərini çatdırıb: “Sahil müəllim və təşkilat üzvləri Vətənə xoş gəlmisiniz, fəaliyyətinizdə davamlı uğurlar arzulayıram. Bu yol ölkəmizin uğur yoludur.”
Zamiq Yunisov: “EAPCA ölkəmizin qlobal əməkdaşlıq imkanlarını genişləndirir”
Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) Bakıda keçirilən təqdimat tədbiri ölkəmizin beynəlxalq əməkdaşlıq istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir. Brtm.az xəbər verir ki, EAPCA-nın Protokol Rəhbəri Zamiq Yunisov təşkilatın missiyası və əhəmiyyəti barədə fikirlərini bölüşüb. Zamiq Yunisov bildirib ki, EAPCA-nın təqdimatı Azərbaycanın həm siyasi, həm ictimai müstəvidə qlobal fəallığını nümayiş etdirir: “Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) təqdimatı ölkəmiz üçün əhəmiyyətli bir addımdır. Bu tədbir Azərbaycanın beynəlxalq əməkdaşlıqda fəal mövqeyini, diaspora fəaliyyətinin güclənməsini və yeni tərəfdaşlıq imkanlarının formalaşmasını nümayiş etdirir. Belə bir təşəbbüsün Bakıda keçirilməsi həm siyasi, həm də ictimai müstəvidə önəmli hadisədir. Təqdimat münasibətilə təşkil olunan rəsmi resepsiya əməkdaşlığın genişlənməsinə, yeni layihələrin qurulmasına və əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verəcək.”
Sahil Qasımov: “EAPCA Avro-Atlantik məkanında Azərbaycanın səsini gücləndirir”
Bakıda keçirilən AVRO-ATLANTİK AZƏRBAYCANLILAR TƏRƏFDAŞLIQ ŞURASININ (EAPCA) geniş tərkibli rəsmi tədbirində açılış nitqi ilə çıxış edən Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov təşkilatın yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Brtm.az xəbər verir ki, Sahil Qasımov bildirib ki, EAPCA təxminən bir il yarım əvvəl Azərbaycanın Avropa İttifaqı yanındakı səfirliyində təsis olunub. Onun sözlərinə görə, təşkilatın yaradılmasında ondan artıq Avropa ölkəsində fəaliyyət göstərən azərbaycanlı qurumlar iştirak edib və Avropa Azərbaycanlıları Konqresi bazası genişləndirilərək yeni platforma formalaşdırılıb. O, qeyd edib ki, EAPCA bu qısa müddətdə Avro-Atlantik məkanında təsirli tərəfdaşlıq şurası qismində fəaliyyət göstərməyə başlayıb. Baş katib vurğulayıb ki, təşkilat artıq Niderland hökumət orqanları tərəfindən rəsmi şəkildə qeydiyyata alınıb və bir sıra vacib görüşlər keçirilib: “İlk rəsmi görüşlərimiz Avropanın ən mühüm ölkələrindən biri olan Türkiyədə — həm Millət Məclisində, həm Prezident Administrasiyasında yüksək səviyyədə baş tutub. Təşkilatımızın nümayəndə heyətləri digər qurumlarla da işgüzar görüşlər həyata keçirib.” Sahil Qasımov əlavə edib ki, hazırda EAPCA-nın nümayəndələri müxtəlif Avropa ölkələrindən Bakıya gəlib, lakin bəzi ölkələrdə gərgin vəziyyət səbəbindən bütün üzvlərin tədbirə qatılması mümkün olmayıb. Tədbirin məqsədi Azərbaycan ictimaiyyətinə təşkilatın fəaliyyətini təqdim etməkdir. “EAPCA siyasi müstəvidə fəal fəaliyyət göstərir və Avropa ölkələrindəki Azərbaycan diaspor təşkilatları, Dövlət Komitəsi, Milli Məclis, nazirliklər və media qurumları ilə sıx əməkdaşlıq edir. O bildirib ki, Avropada keçirilən tədbirlərdə Azərbaycan mətbuatının fəal iştirakı yüksək qiymətləndirilir və gələcək layihələrdə də bu əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur”.