Bakıda keçirilən Azərbaycan Tərəfdaşlıq Şurasının təqdimat tədbirində çıxış edən Milli Məclisin deputatı Elman Nəsirov diaspor qurumlarının son illərdə ölkəmizin milli maraqlarının müdafiəsində xüsusi rol oynadığını vurğulayıb. Deputat xatırladıb ki, Prezident İlham Əliyev son diaspor qurultayında xaricdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrdə siyasi fəallığının artırılmasının vacibliyini xüsusi qeyd edib: “Cənab Prezident bildirib ki, Azərbaycan əleyhinə qəbul olunan hər hansı qərar və ya qətnamə qarşısında ilk növbədə bizim diaspor nümayəndələri öz etiraz səslərini qaldırmalıdırlar. Avropa və digər regionlarda fəaliyyət göstərən Azərbaycan Tərəfdaşlıq Şurasının üzvləri dəfələrlə bu məsələdə fəallıq nümayiş etdirib, ölkəmiz əleyhinə məlumat manipulyasiyalarına qarşı prinsipial mövqe ortaya qoyublar. Bizim dostlarımız, tərəfdaşlarımız müxtəlif ölkələrdə Azərbaycan həqiqətlərinin təhrif olunmasına imkan vermir, faktlarla cavab verirlər. Bu, həm siyasi savad, həm təşkilatlanma, həm də səmimi vətəndaş mövqeyinin göstəricisidir.” Deputat təşkilatın potensialına yüksək qiymət verərək bildirib ki, Azərbaycan Tərəfdaşlıq Şurası gələcəkdə beynəlxalq arenada ölkəmizin mövqelərinin gücləndirilməsində daha böyük rol oynayacaq: “Bu gün təqdimatı keçirilən Şura hələ öz sözünü çox deyəcək. Sizin həm bilik və təcrübəniz, həm də ölkəyə olan sevginiz var. Bu amillər fəaliyyətinizi daha təsirli edir.” Sonda Elman Nəsirov təşkilat üzvlərinə yeni uğurlar arzulayıb və Azərbaycanın haqq işinin dünyada layiqincə müdafiə olunması istiqamətində bundan sonra da fəal olacaqlarına inamını ifadə edib.
EAPCA-nın təqdimat tədbirində diasporun rolu və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub – FOTO
Bakıda Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının yığıncağı keçirildi. Brtm.az xəbər verir ki, görüş Zəfərimizin 5 illik yubiley ilində Azərbaycanın səsini Avro-Atlantik məkanında ucaldan Beynəlxalq Tərəfdaşlıq Platformasının fəaliyyətinə həsr olunmuşdu. Tədbirdə yerli və beynəlxalq qonaqlar, dövlət qurumlarının rəsmiləri, diaspor və QHT nümayəndələri iştirak ediblər. Tədbirdə EAPCA-nın İdarə Heyətinin üzvləri, o cümlədən Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədrləri Vasif Muradlı və Arzu Oqtay da çıxış ediblər.EAPCA-nın Avro-Atlantik məkanında fəaliyyət göstərən transmilli lobbiçilik və tərəfdaşlıq platforması olduğu qeyd edilib və qurumun BMT, Avropa Parlamenti, UNESCO, ATƏT və digər beynəlxalq strukturlarla əməkdaşlıq etdiyi bildirilib. Şuranın baş katibi Sahil Qasımov təşkilatın yaranma tarixi, Avropadakı azərbaycanlı qurumları birləşdirən platforma kimi formalaşması və qısa müddətdə Niderlandda rəsmi qeydiyyatdan keçərək yüksək səviyyəli görüşlər həyata keçirməsi barədə məlumat verib. O, EAPCA-nın Avropada siyasi və ictimai fəaliyyətini genişləndirdiyini, diaspor, dövlət qurumları və media ilə əməkdaşlığın davam etdiyini vurğulayıb. Milli Məclisin deputatı Elman Nəsirov son illərdə diasporun milli maraqların müdafiəsində xüsusi rol oynadığını, Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların siyasi fəallığının artırılması ilə bağlı çağırışlarının bu istiqamətdə mühüm nəticələr verdiyini qeyd edib. O, Şuranın beynəlxalq arenada ölkəmizin mövqeyinin gücləndirilməsinə ciddi töhfə verəcəyini bildirib. Millət vəkili Tənzilə Rüstəmxanlı Şuranın çətin dövrlərdə belə fəaliyyətini dayandırmadığını, üzvlərin Avropada Xocalı həqiqətlərinin təbliği yolunda böyük fədakarlıq göstərdiyini qeyd edib. O, bu gün Şuranın daha güclü imkanlara sahib olduğunu və ölkəmizin beynəlxalq imicinə mühüm töhfələr verdiyini bildirib. Deputat Rizvan Nəbiyev Prezident İlham Əliyevin ardıcıl diaspor siyasətinin Azərbaycan diasporunu güclü təşkilatlanmış bir qüvvəyə çevirdiyini, bu fəaliyyətin ölkəmizin qlobal nüfuzunu artırdığını deyib. O, Avropada diasporun illər ərzində üzləşdiyi çətinliklərin artıq aradan qalxdığını və bu gün diasporun siyasi dairələrlə effektiv əməkdaşlıq qurduğunu vurğulayıb. “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Azərbaycanın informasiya mübarizəsində daha güclü koordinasiyaya ehtiyac olduğunu qeyd edərək media və diasporun birlikdə hərəkət etməsinin vacibliyini bildirib. O, gənc jurnalist və blogerlərin düzgün istiqamətləndirilməsinin informasiya təhlükəsizliyinin əsas şərtlərindən olduğunu söyləyib. BAYRAQDAR MEDİA-nın qurucu baş redaktoru Azər Həsrət diaspor fəaliyyətinin milli məsuliyyət tələb etdiyini, xaricdə Azərbaycanın layiqincə təmsil olunmasının hər kəsin borcu olduğunu deyib. O, əsassız şəkildə ölkəyə qarşı çıxış edən şəxsləri tənqid edərək Azərbaycan diasporunun birliyinin və EAPCA kimi qurumların rolunun artdığını vurğulayıb. Qeyd edək ki, sonda Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə media təmsilçilərinə “Honorary Diploma” mükafatlarını təqdim edib.
Mərasimlərdə israf: Hər kəsin öz töhfəsi vacibdir – Rauf Zeyninin ŞƏRHİ
Toy və yas mərasimlərində müşahidə olunan israfçılıq artıq cəmiyyət üçün çox ciddi problemə çevrilib. Bir-birindən dəbdəbəli restoranların açılması, həmin məkanlarda təqdim edilən yüksək qiymətlər və bu qiymətlərin içərisinə əlavə xidmətlərin daxil edilməsi əhalinin bütün təbəqələri üçün əlçatan deyil. Belə hallarda valideynlər ya borca girməyə, ya da əlində-ovcunda olanı sataraq övladının xeyir işini həyata keçirməyə məcbur qalırlar. Yas mərasimlərində də vəziyyət oxşardır: mərasim evlərində müəyyən edilən qiymətlər restoranlardakı ilə eyni səviyyədədir və adambaşına hesablanır. Beləliklə, imkanlı insanlar bahalı mərasimlər təşkil edirlərsə, maddi imkanı daha aşağı olanlar ölülərinin ehsanını sadə və daha ucuz şəkildə keçirməyə məcbur qalırlar. İslam dini baxımından da toy və yas mərasimlərində baş verən bu cür israfçılıq yolverilməzdir. Amma cəmiyyət olaraq biz bəzən bu vəziyyəti qınayırıq, bəzən isə qonaqların iştirakı ilə fərqinə varmadan adət-ənənələrə uyğun hərəkət edirik. Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni məsələ ilə bağlı Yenifikir.media-ya açıqlamasında bildirib ki, vətəndaş cəmiyyəti olaraq dəfələrlə yas və toy mərasimlərinin sadələşdirilməsi ilə əlaqədar layihələr həyata keçirilib. Onun sözlərinə görə, bu istiqamətdə həm Şuranın, həm də Agentliyin dəstəyi ilə xeyli layihələr icra olunub. “Biz televiziya verilişləri hazırlamışıq, müzakirələr təşkil etmişik, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə yas və toy mərasimlərinin sadələşdirilməsi və xüsusilə israfçılığın qarşısının alınması ilə bağlı mövzulara toxunmuşuq. Bu, sadəcə gündəlik bir çağırış deyil, həm dinimizdə, şəriətimizdə, həm də milli-mənəvi dəyərlərimizdə açıq şəkildə qeyd edilən prinsipdir: israfçılığa yol vermək olmaz”, – deyə Rauf Zeyni vurğulayıb. Onun sözlərinə görə, yas və toy mərasimlərinin sadələşdirilməsi, israfçılığın qarşısının alınması təşəbbüsləri vətəndaş cəmiyyəti tərəfindən yüksək dəyərləndirilir. “Biz bu təşəbbüsləri dəstəkləyirik və hesab edirik ki, vətəndaşlarımız da bu məsələdə öz töhfələrini verməlidirlər”, – deyə o əlavə edib. Rauf Zeyni bildirib ki, onun da yaxşı yadında qalan nümunələrdən biri yas mərasimlərinin sadələşdirilməsi ilə bağlı aparılan maarifçilik işləri olub: “O vaxt mərasimlərdə iştirak edirdik, müzakirələr aparırdıq. Rəhmətlik Hacı Mirəziz orada çox vacib fikir söylədi: heç kim özündən başlamaq istəmir, hamı deyir ki, əvvəlcə kimsə başlasın. Halbuki hər kəs bu mövzuya həssas yanaşmalı, aktual dəstək göstərməli və öz töhfəsini verməlidir”. O qeyd edib ki, hər bir vətəndaş bu prosesdə iştirak etməlidir ki, yas və toy mərasimləri sadələşdirilsin: “Çünki hamımız etiraf edirik ki, bu, çox ağır məsələdir. Xüsusilə də yas mərasimlərində. İnsan əzizini itirməyin dərdini çəkdiyi bir vaxtda əlavə olaraq mərasim xərclərinin, qəbir və digər məsələlərin yükünü daşımaq məcburiyyətində qalır. Bu, həm psixoloji, həm də maddi baxımdan ailələr üçün çox böyük çətinlik yaradır”. Rauf Zeyni əlavə edib ki, bu mövzu çox ciddi və vacibdir: “Vətəndaş cəmiyyəti olaraq biz hər zaman bu təşəbbüsləri dəstəkləmişik, dəstəkləməkdə də davam edəcəyik. Çünki bu, yalnız bir qrupun və ya qurumun deyil, bütün cəmiyyətin üzərinə düşən məsuliyyətdir”. Ülkər Tahirqızı
Rauf Zeyni: “Bir vətəndaşın mövqeyi bəzən İctimai Şuradan daha təsirlidir”
“Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi” İctimai Birliyi tərəfindən həyata keçirilən, “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” layihəsi çərçivəsində yekun ictimai müzakirə keçirilib. İctimai müzakirədə çıxış edən ekspert Rauf Zeyni çıxışında layihəni yüksək qiymətləndirərək vətəndaş cəmiyyətinin roluna diqqət çəkib: “Vətəndaş cəmiyyətinə təşəkkür edirəm. Uğurlu layihədir, bütün təhlilləri ilə. İctimai Şuralar olmayanda ictimai nəzarət daha yüksək idi, nəinki onlar yarandıqda. Mən demək istəyirəm ki, bir nəfər vətəndaş belə öz mövqeyini ortaya qoyanda bu, ictimai mövqedir. Amma 10 nəfər ictimai mövqeyini bildirməyəndə, bu, artıq mümkün olmur” – deyə Rauf Zeyni bildirib. Qeyd edək ki, “İctimai nəzarətin təşviqinə yönələn təşəbbüslər” adlı layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
“Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycan üçün deyil, bölgənin inkişafı üçün də önəmlidir” – İradə Rizazadə
“Zəngəzur dəhlizi Yeni İpək Yolunun mühüm hissəsi” mövzusunda beynəlxalq konfrans keçirilib. Açılışda konfransın təşkilatçısı olan “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə iştirakçıları salamlayıb. Konfransın ilk panelində Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti müzakirə edilib. İradə Rizazadə çıxışında bildirib ki, Fransız dilində kitab təqdim ediblər və Rotterdamda Latviya və Ukrayna icmalarının nümayəndələri tərəfindən bu kitab böyük maraqla qarşılanıb. O, Zəngəzur dəhlizinin açılmasının sosial-iqtisadi təsirlərini və beynəlxalq arenada təbliğini vurğulayıb. “Biz bu konfransa Türkiyədən, Qazaxıstandan, Özbəkistandan, Tacikistandan və Rusiyadan ekspertlər dəvət etmişik. Onlar Zəngəzur dəhlizinin ölkələrinə təsirini açıqlayacaqlar. Zəngəzur dəhlizinin açılmasının yalnız Azərbaycan üçün deyil, bölgənin inkişafı üçün də önəmlidir. Naxçıvana birbaşa yolumuz olacaq. Bu, bizim torpağımızdır” — deyə QHT sədri vurğulayıb. Eyni zamanda, İradə Rizazadə, Prezidentin bu məsələyə verdiyi inamdan danışıb və sülh şəraitində qayıtmağın vacibliyini qeyd edib. “Ermənilər də başa düşməlidir ki, azərbaycanlılar olmadan onların inkişafı mümkün deyil,” — deyə o, fikrini tamamlayıb.