Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyi ilə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd uşaq müdafiə sistemində ictimai birlik və təşkilatların iştirakçılığının artırılmasıdır. Görüşdə Elm və Təhsil Nazirliyi Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə və Şuranın üzvləri, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansnın üzv təşkilatlarının sədrləri və Azərbaycan Müəllimlər Assosiasiyasının nümayəndələri iştirak ediblər. Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Nazirliyin uşaq müdafiə siyasəti, uşaq müdafiə layihələri, “Məktəblinin dostu”, şagird davranış qaydaları, sosial pedaqoqlar barədə məlumat verib. Günel Səfərova məktəblərdə uşaq müdafiə sisteminin qurulmasının önəmini diqqətə çatdırıb və bu istiqamətdə sosial pedaqoqlarla işə başlanıldığını qeyd edib. Uşaq hüquqlarını əhatə edən çətir təşkilata ehtiyac olduğunu vurğulayan Günel Səfərova, gənclərlə işləyən “Bir Könüllü” təşkilatı, Gənc Müəllimlər Assosiasiyası kimi fəal təşkilatlara ehtiyac olduğunu diqqətə çatdırıb. Elm və Təhsil Nazirliyinin şöbə müdiri Səbuhi Rzayev məktəblərlə ictimai təşkilatların münasibətlərinə toxunaraq düzgün koordinasiya ilə bu əməkdaşlıqdan yaxşı nəticələr əldə edilə biləcəyini qeyd edib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Müasir Psixoloji Dəstək İctimai Birliyinin nümayəndəsi Hikmət Əlizadə sosial pedaqoqlarla bağlı Nazirliyin fəaliyyətini müsbət dəyərləndirib. Hikmət Əlizadə qeyd edib ki, sosial pedaqoqlar şagirdlərlə yanaşı, valideynlərlə də iş aparmalıdır. Görüşdə Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi, Azərbaycan Uşaq Qaynar Xəttinin rəhbəri Kəmalə Aşumova, Uşaq Fondunun İdarə Heyətinin rəhbəri Zəhra Bədəlbəyli, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova da iştirak edib.
“Yaşıl enerji, gələcəkdə nefti əvəz edəcək potensiala malikdir” – QHT sədri Eyyub Kərimli
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a verdiyi özəl açıqlamada Azərbaycanın yaşıl enerji sektorundakı potensialını yüksək qiymətləndirib. Onun sözlərinə görə, ölkəmizin coğrafi mövqeyi və iqlim şəraiti yaşıl enerji istehsalı üçün əlverişli imkanlar yaradır. QHT sədri qeyd edib ki, Azərbaycanın 3000 meqavat gücündə təbii enerji resurslarına, o cümlədən günəş, külək və su enerjisinə malikdir. “Ölkəmizin işğaldan azad olunmuş ərazilərində, eləcə də Naxçıvanda böyük günəş enerji stansiyaları yaradılıb. Bu da ölkənin enerji imkanlarını daha da genişləndirir. Həmçinin, bu sahəyə xarici investisiyalar da cəlb olunub. Ölkə prezidentinin rəhbərliyi ilə yaşıl enerji iqtisadi strategiyanın prioritet sahəsi kimi qəbul edilib,” – deyə Eyyub Kərimli bildirib. Ekspert əlavə edib ki, Azərbaycanın enerji ixracını artırmaq üçün Qara dənizin dibi ilə Gürcüstandan Rumıniyaya uzanan yaşıl enerji kəməri layihəsi üzərində işlər aparılır. Kərimlinin fikrincə, texnologiyanın və xarici investisiyaların inkişafı ilə Azərbaycanın yaşıl enerji potensialı daha da böyüyəcək və qeyri-neft sektoru iqtisadiyyatın əsas sahəsinə çevriləcək. “Bu sahənin inkişafı gələcəkdə nefti əvəz edəcək qədər böyük potensiala malikdir və ölkənin iqtisadi gəlirlərinin artmasına ciddi töhfə verəcək,” – deyə QHT sədri vurğulayıb.
“Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın geri qayıtması hüququmuzdur” – Ramil İskəndərli
QHT.az xəbər verir ki, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Qərbi Azərbaycandan didərgin düşmüş soydaşlarımızın geri qayıtması məsələsinə toxunub. O, CBC TV-yə verdiyi açıqlamada bu qayıdışın təkcə mənəvi və tarixi borc olaraq deyil, həm də beynəlxalq hüququn təmin etdiyi bir haqq kimi qəbul edilməli olduğunu vurğulayıb. R.İskəndərli qeyd edib ki, bu məsələ beynəlxalq qanunvericilik çərçivəsində dəstəklənir və Azərbaycan ictimaiyyəti üçün prioritet olmalıdır.
“İqtisadi inkişaf proqnozlardan çoxdur” – Eyyub Kərimli
Prezident İlham Əliyev 26 sentyabrda keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycanın dövlət büdcəsi ölkənin imkanlarını əks etdirir və xarici borcu azaldır. O, xarici borcun ümumi daxili məhsula nisbətinin 7,5 faiz olduğunu vurğulayaraq, bu göstəricinin beynəlxalq miqyasda müsbət olduğunu qeyd edib. QHT.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli gələn il üçün dövlət büdcəsinin 37 milyard manatı keçəcəyini proqnozlaşdırıb. O, qeyri-neft sektorunun büdcədəki payının 70 faizə çatdığını və ölkənin iqtisadiyyatının dayanıqlığını artırdığını bildirib. Kərimli, “İqtisadi inkişaf ilin əvvəlindən gözlənilən proqnozlardan çoxdur” deyərək, xarici borcun ödənilməsinin iqtisadiyyata ciddi təzyiq yaratmadığını vurğulayaraq, Azərbaycanın maliyyə ehtiyatlarının kifayət qədər güclü olduğunu qeyd edib.
Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Şirvanda növbəti tədbirini keçirdi
“Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə ictimai iştirakçılığın gücləndirilməsi” layihəsi çərçivəsində 25 sentyabr tarixində Şirvan rayonunda növbəti tədbirini keçirdi. QHT.az xəbər verir ki, bu barədə təşkilatın sədri Rauf Zeyni məlumat verib. Onun sözlərinə görə, əvvəlcə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün təmin olunması uğrunda canlarını fəda etmiş igid və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Layihə çərçivəsində keçirilən slayd təqdimatında ictimai iştirakçılıq, ictimai nəzarət, şəffaflıq və digər məsələlər iştirakçılara təqdim olundu. İctimai iştirakçılığın qanunvericilik bazası, mövcud qanunlar və onların vəziyyəti, vətəndaşların aktivliyi, QHT-lər tərəfindən həyata keçirilən layihələr, açıq hökümət platforması, ictimai şura.az saytı, ictimai nəzarət mərkəzi və digər dövlət proqramları çərçivəsində görülən tədbirlər haqqında məlumat verildi. Tədbirdə çıxış edən qonaqlar və digər iştirakçılar mövzu ətrafında ictimaiyyəti narahat edən məsələlər haqqında öz fikirlərini bölüşdülər. Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri ictimai iştirakçılıq, şəfaflıq mövzusunda bölgələrimizdə bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğuladılar. Tədbirin açılışını Şirvan İcra Hakimiyyətinin əməkdaşı Rafail Nəsirov açıb və açılış nitqi ilə çıxış edib. Daha sonra Rauf Zeyni çıxışında 44 günlük vətən müharibəsində əldə etdiyimiz şanlı qələbə tarixindən danışdı.O bildirdi ki, 44 günlük İkinci Qarabağ savaşı “dəmir yumruq” əməliyyatı nəticəsində Prezident, Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi və Ordumuzun qüdrətilə böyük qələbə qazanıldı.Azərbaycan Prezidenti nəinki torpaqlarımızı işğaldan azad etdi, regionda sülh stabillik, yeni bir mühit və vəziyyət yaratdı. Bu, danılmaz həqiqətdir. Rauf Zeyni bildirdi ki, Qarabağda dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər əhalinin sevinclə öz yurdlarına qayıtmasına şərait yaratdı. Bu da bizim üzərimizə düşən şərəfli bir missiyadır. Rauf Zeyni çıxışında insan hüquqlarının müdafiəsi, vətəndaşların sosial rifah halının yüksəldilməsi, sosial problemlərin həllində ictimai nəzarətin rolu, vətəndaşların müraciətlərinə məmurların münasibəti, məmur özbaşınalığı və hesabatlılıq, şəffaflıq və digər məsələlərə toxundu. O, dövlət qurumlarının məsuliyyəti, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin bu istiqamətdə fəaliyyəti, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-2023-cü illərdə bu istiqamətdə layihələrə ayırdığı vəsaitlər və digər aktual məsələlər barədə məlumat verdi. Həmçinin, COP 29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilməsinin və bu tədbirin ölkəmizin inkişafına təsiri, qazilər və şəhid ailələrinin təminatı, dövlətimizin təhlükəsizliyi və ordumuzun gücləndirilməsi barədə də danışıldı. İştirakçılar bu kimi tədbirlərin regionda keçirilməsini əhəmiyyətli və müsbət qiymətləndirdilər, minnətdarlıqlarını bildirdilər. Sonda qrup şəkli çəkildi.