“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri də ekoloji problemlərin həll edilməsi məsələsidir. Bu istiqamətdə təbiətimizin tullantılardan azad olunması xüsusi önəm kəsb edir. QHT.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib. İcraçı direktor bildirib ki, uzun illər Qarabağda, Şərqi Zəngəzurda Ermənistanın işğalı nəticəsində törədilən ekosid narahatlıq doğurur. Son zamanlar vətəndaşlar tərəfindən həmin bölgələrdə təbiətin çirkləndirilməsi, tullantıların yerə atılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır. İctimai qınağın vacibliyinə diqqət çəkən A.Əliyeva bu işdə QHT-nin fəal olmasının önəminə toxunub. İcraçı direktor tullantıların idarə edilməsi ilə bağlı videoçarxların televiziya kanallarında nümayiş etdirilməsi məsələsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi göstərməyə hazır olduğunu qeyd edərək vurğulayıb ki, bu videoçarxların səviyyəsi standartlara cavab verməlidir.
Tanınmış QHT sədri İsa Qəmbərlə yollarını ayırdı – İSTEFA
Hüquq müdafiəçisi Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib. QHT.az xəbər verir ki, bu barədə Pravda.az-a hüquq müdafiəçisi özü məlumat verib. “Müsavat Partiyasına istefa məktubumu göndərdim. Partiya sədri İsa Qəmbər məktubu alıb. Mənə görə Müsavata söz gəlir, bu səbəbdən istefa verdim. Əlbəttə ki, istefamı qəbul edəcəklər. Baxmayaraq ki, 30 ildir, bir yerdə çiyin-çiyinə vuruşmuşuq, çoxlu dostlarım var. Müsavatdan getmişəm, dostluqdan getməmişəm”, – N.Cəfəroğlu bildirib. Musavat.com-un məlumatına görə, Novella Cəfəroğlu ilə Müsavat Partiyasının rəhbərliyi arasında 1 sentyabr parlament seçkilərinə münasibətdə fikir ayrılığı yaranıb. Belə ki, N.Cəfəroğlunun rəhbərlik etdiyi “Mənim səsim” seçki Monitorinq Koalisiyasının seçki günü ilə bağlı hazırlayıb yaydığı hesabatda seçkilərin heç bir problem yaşanmadan, qanunauyğun və düzgün keçirildiyinin bildirilməsi Müsavat Partiyasının rəhbərliyini narazı salıb. Onlar bu hesabatdakı fikirlərlə Müsavat Partiyasının seçkilərlə bağlı mövqeyinin bir-birinə zidd olduğunu, hesabatın reallığı əks etdirmədiyini əsas göstərək Novella Cəfəroğlundan izahat tələb ediblər.
“Yaşıl iqtisadiyyat”a keçid üçün 19 layihəyə qrant ayrılıb
Bu günə kimi İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən (KOBİA) KOB-ların “yaşıl layihə”lərinin inkişaf etdirilməsinə və “yaşıl iqtisadiyyat”a keçidə töhfə verə biləcək 19 layihəyə qrant ayrılıb, 10-a yaxın “Startap” şəhadətnaməsi verilib. Bu barədə KOBİA məlumat yayıb. Bildirilib ki, “Yaşıl biznes”lər dayanıqlı istehsala nail olunmasında, resurs və enerji səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Məlumata əsasən, sahibkarların “yaşıl layihə”ləri müxtəlif dövlət dəstəyi mexanizmləri vasitəsilə, o cümlədən KOBİA tərəfindən dəstəklənir. Belə ki, “Yaşıl layihə”ləri olan sahibkarlıq subyektləri qrant, “Startap” şəhadətnaməsi, daxili bazar araşdırmasının aparılması, təlim, sərgilərə çıxış kimi dəstək alətləri üçün KOBİA-ya müraciət edə bilərlər. KOB subyektlərinin bərpa olunan enerji qaynaqlarından elektrik enerjisi istehsal edə bilən şarj stansiyasının və şarj cihazının istehsalı, bunun üçün lazım olan proqram təminatının hazırlanması, aşağı temperaturlu geotermal suların istiliyindən səmərəli yolla elektrik və istilik enerjisinin alınması, smart polimer kompozisiya materiallarından istifadə etməklə binalarda enerji sərfiyyatının azaldılması, “ağıllı suvarma” texnologiyasının yaradılması və onun praktiki fəaliyyətinin araşdırılması, ekoloji R2 (Responsible Recycling) sertifikatının alınmasına dəstək, atmosferdən suyun əldə edilməsi üçün innovativ su generatorunun istehsalı və satışı, tullantıların ağıllı yolla toplanması və emalı, yeni tipli külək enerjisi turbinlərinin hazırlanması və s. layihələrə Agentlik tərəfindən 338 min manatdan çox qrant ayrılıb. Alternativ içməli su mənbəyinin yaradılması, üzvü tullantıları emal edərək yem istehsalında istifadə oluna biləcək protein, yağ və yüksək verimli gübrənin istehsalı, kənd təsərrüfatında suvarma səmərəliliyinin artırılması üçün ağıllı su depolayıcı materialın hazırlanması və s. layihələr üçün KOB subyektlərinə vergi güzəştini nəzərdə tutan “Startap” şəhadətnamələri verilib. Təkrar emal və tibbi tullantıların zərərsizləşdirilməsinə dair sahibkarların müraciəti əsasında daxili bazar araşdırmaları aparılıb. Eyni zamanda KOBİA tərəfindən sahibkarlara “yaşıl iqtisadiyyat” ilə bağlı təlim və məsləhət xidmətləri göstərilib. Təkcə 2024-cü ildə Agentlik Bakı şəhərində, Lənkəran, Şəki və Xaçmaz rayonlarında 140-a yaxın KOB subyektinin iştirakı ilə “Yaşıl iqtisadiyyat və yaşıl biznes”, “Yaşıl maliyyələşmə”, “Yaşıl innovasiyaların inkişafında mövcud imkanlar, çətinlik və perspektivlər” mövzularında təlim, seminar və maarifləndirmə tədbirləri təşkil edib. Sahibkarların yaşıl layihələrinin Agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən müxtəlif sərgi və yarmarkalara çıxarılmasına da dəstək göstərilib. Biznes subyektlərinin ətraf mühitə təsirini ölçmək, istifadə etdikləri resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək məqsədilə Agentlik tərəfindən sahibkarlar üçün özünüqiymətləndirmə platforması (https://yb.smb.gov.az/) yaradılıb. Biznes subyektləri bu platformada qeydiyyatdan keçərək müvafiq sualları cavablandırmaqla enerji və sudan nə dərəcədə səmərəli istifadə etdiklərini, tullantıların effektiv idarə olunması və ətraf mühitə təsirlərini qiymətləndirərək zəif nöqtələrini müəyyən edə və onların aradan qaldırılması üçün zəruri tədbirlər görə bilərlər.
Rauf Zeyni: “Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış Qərbi Azərbaycana təkan verəcək”
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış proqramı, işğaldan azad olunmuş ərazilərə məcburi köçkünlərin geri dönməsi və onların təhlükəsiz məskunlaşması istiqamətində atılan mühüm addımlardan biridir. Bu prosesin uğurla başa çatması, yalnız regionun bərpası və inkişafı baxımından deyil, həm də xalqımızın gələcək nəsilləri üçün tarixi bir hadisə kimi dəyərləndirilir. Bu baxımdan, Qərbi Azərbaycana da böyük qayıdışın baş verəcəyi və məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdacağına dair böyük ümidlər var. “Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi, gələcəkdə Qərbi Azərbaycana da məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli formada qayıdışına təkan verəcək. Rauf Zeyni bu prosesi xalqımızın tarixi bir şahidlik olaraq yaşayacağına ümid etdiyini vurğulayıb. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma və işlə təminat uğurla reallaşdıqca, Qərbi Azərbaycana da Böyük Qayıdışın gerçəkləşməsi istiqamətində ciddi addımlar atılacaq: “Böyük qayıdış uğurla həyata keçirilir və tabii ki, Qarabağ adlı Şərqi Zəngəzura böyük qayıdış həm də gələcəkdə Qərbi Azərbaycana böyük qayıdışın gerçəkləşməsinə çox böyük təkan olur. İnşallah, Allah qısmət eləsin bizim soydaşlarımız, yurddaşlarımız Qərbi Azərbaycan da böyük qayıdışı təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirə bilsin. İnanıram ki, bizim xalqımız bu tarixi şahidi olacaq”.
“Geri qayıdan əhalinin işlə təminatı əsas məqsədlərdən biridir” – QHT sədri
QHT.az-a açıqlama verən “Bakı Qeyri- Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni qeyd edib ki, Böyük Qayıdış çərçivəsində həyata keçirilən ictimai rəy sorğuları əsasında geri qayıdacaq əhalinin hansı sahələrdə işlə təmin edilməsinin planlaşdırılması vacibdir. QHT-lərin və işəgötürənlərin bu prosesdə rolu getdikcə artacaq, çünki əhalinin işlə təmin olunması əhəmiyyətli faktorlardan biridir. Gələcəkdə sahibkarlıq subyektləri və işəgötürənlərlə əlaqəli planlar da tənzimlənəcək və əhalinin peşə üzrə ehtiyacları qarşılanacaq: “Bu gün bildiyiniz kimi böyük qayıdışdan əvvəl keçmiş məcburi köskünlər arasında ictimai rəy sorğusu keçirilib. Onlar vətənə qayıdacaqları və köçməyə hazır olduqları haqqında rəy sorğusundan məlumat veriliblər və o məlumata əsasən dövlət Böyük Qayıdış proqramını tərtib edib. Çünki nə qədər əhali köçürsə, köçmək niyyətindədisə, geri qayıtmaq niyyətindədirsə o qədər də bu məsələ aktualdır ki hansı ixtisas sahələri üzrə iş yerləri təşkil olunsun və geri qayıdan əhalinin işlə təmin olunması məsələsi təmin olunsun. Ona uyğun olaraq əvvəlcədən ictimai rəy sorğusunun keçirilməsi çox vacib bir məsələ idi. Və o anket sorğuları əsasında bu dəqiqə böyük qayıdış həyata keçirilir. Zaman-zaman bu məsələlərin hamısı yenidən araşdırılacaq, hansı iş yerlərinə, hansı sahibkarlıq subyektlərinə ehtiyac varsa zaman-zaman tənzimlənəcək. Çünki əhali köçməlidir, yerləşməlidir. Müəyyən məsələlər, proses getməlidir. O prosesin nəticəsində əvvəlcədən planlaşdırılmış o sahələri çıxmaq şərtilə qabaqcadan planlaşdırılıb ki, filan rayona yüz müəllim lazımdır və yaxud təhsil işçisi nəzərdə tutulub. Amma bu işəgötürənlərlə bağlı, sahibkarlarla bağlı bu məsələlər qismən planlaşdırılıb. Çünki əhalinin yeni yurd yerlərində işlə təmin olunması çox vacibdir. Amma zaman keçdikcə ehtiyaclar yene dəyərləndiriləcək və ona uyğun tədbirlər görüləcək”.