İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov Ermənistanın hələ də silahlanmaya üstünlük verməsinə baxmayaraq, Azərbaycanın 2025-ci ildə hərbi xərclərini 468 milyon manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait ayıracağını açıqlayıb. QHT.az xəbər verir ki, QHT sədri qeyd edib ki, Ermənistanın 30 illik işğal müddətində tamamilə dağıdıb xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurun qurulmasına gələn il Azərbaycanın dövlət büdcəsindən 4 milyard manat (2.352 milyard dollar) ayrılacaq. Bu, işğaldan azad olunan ərazilərdə intensiv quruculuğun davam edəcəyini bir daha təsdiqləyir və Azərbaycanın zəfəri ilə regionda formalaşmış yeni düzənin daha da möhkəmlənməsini əks etdirir.
Bir qrup QHT-yə üzvlük vəsiqəsi təqdim edilib
Sentyabrın 18-də Azərbaycan Milli QHT Forumunda (AMQF) AMQF-nin yeni vəsiqələr əldə etmək üçün və üzvlük üçün müraciət etmiş təşkilatlara vəsiqələr təqdim edilib. Bu barədə QHT.az Azərbaycan Milli QHT Forumunun (AMQF) İdarə Heyətinin sədri Ramil İskəndərli məlumat verib
QHT sədri Humanitar Forumda ölkəmizi təmsil edib
MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən 17-20 sentyabr 2024-cü il tarixlərində Rusiya Federasiyasının Başkortostan Respublikasının Ufa şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin yaradıcı və elmi ziyalılarının 17-ci Forumu keçirilib. Forumun əsas mövzusu “Müstəqil Dövlətlər Birliyi: ümumi dəyərlər və çoxmədəniyyətlilik” olub. QHT.az xəbər verir ki, Forumda MDB ölkələrindən gələn ziyalılar, elmi araşdırmaçılar, yaradıcı sənətkarlar, həmçinin müxtəlif dövlət və ictimai təşkilatların nümayəndələri iştirak edib. Tədbir çərçivəsində Birlik ölkələrinin mədəni müxtəlifliyini qorumaq, ümumi dəyərləri inkişaf etdirmək, xalqlar arasında əməkdaşlığı və qarşılıqlı anlaşmanı gücləndirmək kimi mövzular ətrafında müzakirələr aparılıb. Azərbaycanı bu nüfuzlu forumda AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Teatrlar, Mədəniyyət sahəsində çalışan QHT-lər, Mədəniyyət sahəsində çalışan yaradıcı və elm adamları təmsil ediblər. İnklüzivlik baxımından Azərbaycanı bu nüfuzlu forumda Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzinin rəhbəri Aydın Xəlilov təmsil etmişdir. Aydın Xəlilov forumun “MDB ölkələrində inklüziv mədəniyyət” adlı dəyirmi masasının həmmoderatoru olmuşdur. Bu dəyirmi masada MDB ölkələrində inklüziv mədəniyyətin inkişaf etdirilməsi, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların mədəniyyət sahəsində bərabərhüquqlu iştirakının təmin edilməsi kimi aktual məsələlər müzakirə olunub. Aydın Xəlilov çıxışında qeyd edib ki, inklüziv mədəniyyət yalnız əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası demək deyil, bu, həm də onların potensiallarının tam şəkildə reallaşdırılmasına şərait yaradılmasını nəzərdə tutur. O, inklüzivliyin hər bir ölkənin mədəni və sosial inkişafına böyük töhfə verdiyini vurğulamış, bu istiqamətdə MDB ölkələri arasında təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyini qeyd edib. Dəyirmi masa çərçivəsində iştirakçılar MDB ölkələrində inklüziv mədəniyyətin vəziyyəti, mövcud problemlər və həll yolları, bu sahədə həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparıblar. MDB ölkələrində əlilliyi olan şəxslərin mədəniyyət sahəsində daha fəal iştirakı üçün yaradılan şərait, onların yaradıcılıq potensialının üzə çıxarılması və inklüziv mədəniyyətin gələcək inkişaf perspektivləri diqqət mərkəzində olub. Forumun yekununda iştirakçılar inklüziv mədəniyyətin inkişafına yönəlmiş tövsiyələr irəli sürmüş və bu sahədə gələcək əməkdaşlığın gücləndirilməsi üçün birgə fəaliyyət planının hazırlanması təklifi ilə çıxış ediblər. Bu Forum MDB ölkələrində ümumi dəyərlərin və çoxmədəniyyətliliyin təşviq edilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilmiş və inklüzivliyin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli bir platforma olub.
QHT sədri Qazax rayonunda şəhid ailələrinə göstərilən diqqəti yüksək qiymətləndirib
“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, Qazax rayonuna səfəri zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğıdan dərin təsirləndiyini bildirib. O, bu səfər çərçivəsində Qazax rayonunda antiterror əməliyyatı zamanı şəhid olmuş Yunis Kazımov və Azər Məmmədovun məzarlarını ziyarət edib, 44 günlük Vətən müharibəsi şəhidi Xalid Veyislinin mövlud mərasimində iştirak edib. QHT.az xəbər verir ki, T. Abduləlimova şəhid ailələri ilə görüşündə rayon rəhbərliyinin bu ailələrə göstərdiyi dəstəyi xüsusi olaraq qeyd edib. “Qazax rayon icra başçısı Rəcəb Abas oğlu Babaşovun şəhid ailələrinə göstərdiyi yüksək qayğı və diqqət hər kəsin təqdirinə layiqdir. Hər bir şəhid ailəsi Rəcəb müəllimin diqqətini və dəstəyini hiss edir.Şəhidlərimizi ziyarət edən zaman gözəl insanlarla taniş olduq. Şəhid ataları Elxan ata,Vaqif ata və Əfqanistan, Qarabağ veteranımız Azər qardaşlarımla təsadüfi tanışlıq bəlkədə təsadüfi deyildi.Bu insanlar Qazax rayonunu,insanlarını xüsusi olaraq İcra başşısını bizə elə gözəl tanıtdırdılar ki, buna görə xüsusi minnətdarlığımı bu cür paylaşaraq bildirmək istədim.,” deyə o vurğulayıb. Səfər zamanı təsadüfən şəhid ataları və veteranlarla tanış olan Tünzalə Abduləlimova, onların Rəcəb müəllimin gördüyü abadlıq işləri və şəhid ailələrinə göstərilən qayğı barədə söylədiklərinin təsadüfi olmadığını bildirib. “Bu səfər zamanı Qazax rayonunda gördüklərim mənə bir daha sübut etdi ki, şəhidlərimizin ailələrinə hörmət və diqqət daim ön plandadır. Hər bir icra başçısının Rəcəb müəllimdən örnək alması vacibdir,” deyə Abduləlimova əlavə edib. O, həmçinin icra başçısının köməkçisi Samir müəllimin ziyarətləri zamanı göstərdiyi diqqəti və qonaqpərvərliyi yüksək qiymətləndirib. “Bu sadəcə bir insanlıq göstəricisi deyil, eyni zamanda dövlətimizin şəhid ailələrinə olan münasibətinin bariz nümunəsidir. Bəzi İcra başçıları elə bilirlər ki,o kresloda əbədidirlər. Hərdən o kreslodan qalxın dönün o kresloya yaxşı baxın,baxın ki,siz özünüzdən sonra kreslo qoyub getmək üçün orda əyləşmisiniz yoxsa gözəl ad abad olunmuş gözəl şəhər.Sizdə o gəlib gedənlərdənsiz. Unutmayın bu gün bütün dünyada sözümüzü deyən,birlik rəmzimiz olan dəmir yumruğunu göstərən mənim Prezidentim İlham Əliyev Cənabları, sizi o kresloya oturdan sabah sizi elə özüdə yumruğunu başınıza vuracaq. AYILIN İÇRA BAŞCILARI. Mən bir daha Qazax Rayonu İçra Başcısı Rəcəb Abas oğlu Babaşova “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İB ailəsi adından və Şəhid anası kimi xüsusi təşəkkür edirəm. Mənim Şəhidlərimizə və Ailələrinə belə xidmətləri var. Var olasınız, sizin gördüyünüz işlər Qazax rayonunda hər vaxt var olacaqdır. Allah başınızı uca eləsin. Və ən əsası bütün icra rəhbərlərinə sizdən örnək almalarını tövsiyə edirəm” deyə Tünzalə Abduləlimova vurğulayıb. Sonda Tünzalə Abduləlimova, “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi adından Qazax rayon icra başçısı Rəcəb Abas oğlu Babaşova təşəkkür edib və bu nümunəvi xidmətlərin digər icra başçıları üçün də örnək olmasını arzulayıb.
Aygün Əliyeva: Milli prioritetlərdən biri də ekoloji problemlərin həlli məsələsidir
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri də ekoloji problemlərin həll edilməsi məsələsidir. Bu istiqamətdə təbiətimizin tullantılardan azad olunması xüsusi önəm kəsb edir. QHT.az xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib. İcraçı direktor bildirib ki, uzun illər Qarabağda, Şərqi Zəngəzurda Ermənistanın işğalı nəticəsində törədilən ekosid narahatlıq doğurur. Son zamanlar vətəndaşlar tərəfindən həmin bölgələrdə təbiətin çirkləndirilməsi, tullantıların yerə atılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılır. İctimai qınağın vacibliyinə diqqət çəkən A.Əliyeva bu işdə QHT-nin fəal olmasının önəminə toxunub. İcraçı direktor tullantıların idarə edilməsi ilə bağlı videoçarxların televiziya kanallarında nümayiş etdirilməsi məsələsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi göstərməyə hazır olduğunu qeyd edərək vurğulayıb ki, bu videoçarxların səviyyəsi standartlara cavab verməlidir.