Xəbər verdiyimiz kimi,bu gün Azərbaycanın birinci xanımı, vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın doğum günüdür. BRTM.az xəbər verir ki, bu münasibətlə Bakı Qeyri Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyi Birinci Vitse Prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb. Təbrikin mətnində deyilir: Azərbaycan Respublikasının I Vitse Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci Xanımı, xanım Mehriban Əliyevaya Hörmətli Mehriban xanım, Doğum gününüz münasibətilə “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Azərbaycanın çoxəsrlik milli-mədəni dəyərlərinin, multikultural ənənələrinin, tolerantlıq mühitinin qorunması və təşviqi, xalqın sosial-iqtisadi rifahı naminə sizin yorulmaz fəaliyyətiniz, vətəndaş cəmiyyətinin inkişafına, təhsilə, mədəniyyətə, idmana və gənc istedadlara dəstəyiniz, dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin beynəlxalq imicinin yüksəldilməsinə misilsiz töhfələr verməkdədir. Həyatın ən müxtəlif sahələrində xeyli sayda mühüm, nəcib əməllərinizə görə Sizə təşəkkür edirik! Hörmətli Mehriban xanım, Doğum gününüz münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli və şərəfli vəzifənizdə, bütün fəaliyyətlərinizdə uğurlar arzulayırıq. Hörmətlə, Rauf Zeyni “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri
QHT sədri seçicilərlə görüşlərini uğurla davam etdirir
24 saylı Nizami birinci seçki dairəsindən müstəqil və bitərəf namizəd Eyyub Kərimli, seçicilərlə görüşlərini intensiv şəkildə davam etdirir. Eyyub Kərimli, E. Süleymanov, Nəsimi, M. Şərifli və Q. Qarayev küçələrində bir neçə ünvana baş çəkərək seçicilərin iqtisadi və sosial məsələlərə dair suallarını cavablandırıb və gələcək fəaliyyət planını təqdim edib. brtm.az QHT.az-a istinadən xəbər verir ki, namizəd, ucuz kreditlər, əlçatan ipoteka, pensiya islahatları, süni qiymət artımı, məşğulluq səviyyəsinin artırılması və sosial xərclərin optimallaşdırılması istiqamətində təşəbbüs və təkliflərini izah edib. O, iqtisadi inkişafın yüksək rifahı təmin etməli olduğunu vurğulayıb. Eyyub Kərimli, həmçinin vətən müharibəsi veteranları və qazilərlə səmimi görüş keçirərək, onlara dəstəyini ifadə edib. Görüş zamanı şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayıb. Növbəti görüşlər Nizami rayonunun Əli Vəliyev, Qara Qarayev prospekti və Ə. Balakişiyev küçələrində baş tutub. Eyyub Kərimli, sakinlərin problemlərini dinləyib və öz proqramını onlarla bölüşərək, seçicilərini vicdanla və ləyaqətlə təmsil etməyə hazır olduğunu bəyan edib.
QHT rəhbərinə ağır itki
“Sağlam Mühit Gənclərin İnkişafına Kömək” İctimai Birliyinin sədri, Şirvan Regional QHT Resurs və Təlim Mərkəzinin rəhbəri, Şirvan şəhər İcra hakimiyyəti yanında ictimai Şuranın üzvü Əl Mirəzyevə ağır itki üz verib. Əl Mirəzyevin anası bu səhər vəfat edib. Dəfn və mərasim Sabirabad rayonu Rüstəmli kəndində olacaq. Allah rəhmət eləsin
Qrant hesabına milyon manata yaxın vəsait – SƏRF EDİLƏCƏK
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Azərbaycan Dövlət Neft və Sənaye Universiteti PHŞ-nə BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən ayrılmış qrant hesabına avadanlığın satınalınması” tenderinin nəticələrini elan edib. QHT.AZ FED.az-a istinadən xəbər verir ki, tenderin qalibi “Simplex” QSC olub. Qalib şirkətlə 995 700 manat məbləğində müqavilə imzalanıb. Bağlanmış müqaviləyə əsasən ADNSU 10 ədəd tədris stendi alacaq. Bu stendlərə günəş modulunun ölçülməsi, fotoelektrik, süni işıq mənbəyi, külək elektrik stansiyalarının əsasları, külək elektrik stansiyasında enerjinin çevrilməsi və s. aiddir.
QHT layihənin yekunlarına dair bağlanış seminarı keçirib
Avqustun 20-də Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi “Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsinin Ağdam rayonu Quzanlı qəsəbəsində layihənin yekunlarına dair bağlanış seminarı keçirildi. BRTM.az xəbər verir ki, seminarda Müharibə veteranları və müharibədən əziyyət çəkən ağdamlılar iştirak edirdi. Layihə rəhbəri Xəlil Süleymanov bildirdi ki, layihənin əsas məqsədi müharibənin törətdiyi fəsadlar nəticəsində psixoloji travma almış şəhid və veteran ailələrinə psixoloji-sosial dəstək verməkdən ibarət olub. Lahihə Füzuli, Xocavənd, Laçın obaları, Bərdə və Ağdam rayonlarını əhatə edib. Müharibə dəhşətlərini yaşayan, ailə üzvlərini, yaxınlarını, doğmalarını itirən, fiziki-mənəvi və psixoloji xəsarət alan insanlar hələ də psixoloji sarsıntının təsirini yaşayırlar. Lakin regionlarda psixoloji yardım hər bir şəhid ailəsi və müharibə əlili üçün əlçatan deyildir. Psixoloji gərginlik onların sağlamlıq vəziyyətinə ciddi təsir gösərməklə bərabər sosial durumuna da öz mənfi təsirini göstərir. Layihə 3 ay müddətində hədəf rayonlarında psixoloji-sosial dəstəyə ehtiyacı olan 40 Şəhid və veteran ailə üzvlərinə psixoloji xidmət nəzərdə tutub. Lakin müraciətlərin çoxluğunu nəzərə alaraq 48 Şəhid və veteran ailə üzvlərinə psixoloji xidmət göstərilib.