Avqustun 20-də Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfa” Psixoloji-Sosial Yardım İctimai Birliyi “Şəhid və veteran ailələrinə psixoloji və sosial xidmət” layihəsinin Ağdam rayonu Quzanlı qəsəbəsində layihənin yekunlarına dair bağlanış seminarı keçirildi. BRTM.az xəbər verir ki, seminarda Müharibə veteranları və müharibədən əziyyət çəkən ağdamlılar iştirak edirdi. Layihə rəhbəri Xəlil Süleymanov bildirdi ki, layihənin əsas məqsədi müharibənin törətdiyi fəsadlar nəticəsində psixoloji travma almış şəhid və veteran ailələrinə psixoloji-sosial dəstək verməkdən ibarət olub. Lahihə Füzuli, Xocavənd, Laçın obaları, Bərdə və Ağdam rayonlarını əhatə edib. Müharibə dəhşətlərini yaşayan, ailə üzvlərini, yaxınlarını, doğmalarını itirən, fiziki-mənəvi və psixoloji xəsarət alan insanlar hələ də psixoloji sarsıntının təsirini yaşayırlar. Lakin regionlarda psixoloji yardım hər bir şəhid ailəsi və müharibə əlili üçün əlçatan deyildir. Psixoloji gərginlik onların sağlamlıq vəziyyətinə ciddi təsir gösərməklə bərabər sosial durumuna da öz mənfi təsirini göstərir. Layihə 3 ay müddətində hədəf rayonlarında psixoloji-sosial dəstəyə ehtiyacı olan 40 Şəhid və veteran ailə üzvlərinə psixoloji xidmət nəzərdə tutub. Lakin müraciətlərin çoxluğunu nəzərə alaraq 48 Şəhid və veteran ailə üzvlərinə psixoloji xidmət göstərilib.
QHT “Səssiz Dünyaya Körpü” adlı layihəsini uğurla başa vurdu
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım “İctimai Birliyi 01 iyun 2024 cü il tarixindən “Səssiz Dünyaya Körpü” adlı layihə icra planına uyğun olaraq 3 ay davam etdi. Layihədə valideyinlər üçün İşarət dili təlimləri təçkil edilmişdi. Təlimlər həftədə iki dəfə olmaqla CIBS Təlim və Psixologiya mərkəzində həyata keçirilirdi. BRTM.az QHT.az-a istinadən xəbər verir ki, layihə rəhbəri Cəmilə Çingizqızı “3 ay davam edən layihəmizin sonuna gəldik. Beləliklə eşidən valideyinin, “səssiz dünya”da olan övladı ilə bir birlərini başa düşmələri üçün “Səssiz Dünyalarına Körpü” saldıq. İlk olaraq Milli donorumuz olan və hər zaman bizə dəstək göstərən Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz adımdan və eşitmə məhdudiyyətli övladları olan valideyinlər adından, “Səssiz Dünyaya Körpü” adlı layihəmizə dəstək göstərdikləri üçün təşəkkür edirik. Layihəmizin icrası üçün məkan ayıran dəstəkçimiz isə CIBS Təlim və Psixologiya mərkəzidir. Bu mərkəz 16 təlim boyunca bizə təmənnasız xidmət göstərərək, layihəmizin valideyinlər üçün dahada əlçatan məkanda olmasını təmin etdi. Diqqət və qayğısına görə CİBS Təlim və Psixologiya Mərkəzinin rəhbəri Gülnarə xanım Tağıyevaya təşəkkür edirik. Təlimlərə qatılan valideyinlər davamlı olaraq çox böyük həvəslə təlimlərdə iştirak etdi. Təlimlərimizin maraqlı keçməsi üçün eşitmə məhdudiyyətli uşaqlar öz valideyinləri ilə bəzi təlimlərə qatılır, dialoqlar qururdular. Valideyinlərin bir araya gələrək övladlarının dilini öyrənilməsi, valideyinlər tərəfindən yüksək dəyərləndirildi. Təlimlərin ilk günü bu dili mənimsəməkdə çətinlik çəkdiklərini, təlim zamanı auditoriyada olan anaların qarşısında dərsi danışmaqdan çəkinən valideyinlər, sonda bu təlimin heç bitməməsini arzu etdilər. Hətda kamera qarşısında hər biri intervyu verib layihə haqqında öz fikirlərini bölüşdülər. Bu təlim onların həm də sosiallaşmasına böyük təsir etdiyini düşünürəm. Layihə rəhbəri və bir ana olaraq , valideyinlərin rəylərinə əsaslanaraq bu layihəni uğurlu hesab edirəm. Eşitmə məhdudiyyətli övladı olan valideyinlərin bir araya gələrək bir-birlərinə informasiya ötürməkləri, motivasiya verməkləri, uğur və problemlərini bölüşmələrinə çox ehtiyacları var və bu çox vacibdir. Valideyinlərin İşarət dilini öyrənmələrini görən uşaqların isə sevincini yalnız gözlə görmək lazım idi. Təlimlərimiz çox maraqlı və interaktiv keçirdi. Davamlılığı təmin etmək üçün layihəmizin İşarət dili təlimçisi Elmira xanım Əsgərova və Psixoloqumuz Ləman xanım Rəfiyeva valideyinlərin sualları, onları narahat edən problemləri hər zaman cavablandırmağa hazır olduqlarını bildirdilər.” Layihə sonunda təlimləri uğurla başa vuran valideyinlərə İctimai Birliyimiz adından “Səssiz Dünyaya Körpü” adlı kitab hədiyyə edildi və sertifikat təltif olundu. Tədbir sonu simvolik olaraq təlim iştirakçıları və uşaqlar üçün layihənin adı ilə bağlı tort kəsilərək, çay süfrəsi təşkil olundu.
QHT sədrlərindən Mehriban xanım Əliyevaya səmimi təbrik
Hörmətli Mehriban xanım! Sizi, Azərbaycan Respublikasının I Vitse-prezidentini, ölkənin Birinci xanımını, Heydər Əliyev ondunun, Azərbaycan mədəniyyəti fondunun Prezidentini, İSESKO-nun xoş məramlı səfirini, döğum günü münasibəti ilə təbrik edir, Sizə uzun ömür cansağlığı ailə, övlad, nəvə sevinci, vətənimizin inkişafı, beynəlxalq aləmə inteqrasiyası istiqamətində gerçəkləşdirdiyiniz mühim layihələrdə uğurlar arzu edirik! Hörmətli Mehriban xanım! Siz ictimai-siyasi, elmi-mədəni fəaliyyətinizlə, bütün dünyaya sübut etdiniz ki, Şərq, onun bir parçası olan Azərbaycan bütün zamanlarda dinlərin, mədəniyyətlərin, sivilizasiyaların, tolerantlıq ünvanı, məhəbbətin, mərhəmətin, xeyirxahlığın, yaxşılığın ünvanı olub. Tarixin bütün dönəmlərində dünyanın maddi-mədəni, ümumbəşəri dəyərlər xəzinəsini, sistemini öz inciləri ilə zənginləşdirib, zinətləndirib. Bu gün Azərbaycan deyəndə, tarixi Zəfərə imza atmış, Güney Qafqazın siyasi mənzərəsini dəyişmiş qüdrətli bir dövlət, bir xalq göz önünə gəlir. O xalq ki, Xaqani, Nizami, Nəsimi, Fizuli Şah İsmayıl Xətai kimi dühalarının irsi ilə dünya insanını heyrətləndirdiyi kimi, Qılıncla Qələmin vəhdətində Şərqin ilk demokratik Cümhuriyyətini qurub. Yürütdüyü müdrik daxili və xarici siyasətlə, azadlıq, özgürlük, birlik, bütövlük dastanını yaradıb! Hörmətli Mehriban xanım! Məhz Sizin son 20 ildəki, siyasi faliyyətiniz, Ulu Öndər irsinə sədaqət, onun Azərbaycançılıq, məfkurəsinə, dostluq, qardaşlıq, tolerantlıq duyğularına hörmət hissindən ucaltdığınız, abidəyə çevirdiyiniz Heydər Əliyev Fondu ilə sübut etdiniz ki, hər bir Qüdrətli dövlət xadiminin, Sərkərdə-Xaqanın arxasında qüdrətli bir Qadın dayanır. Milli dövlətçilik tariximizlə bilavasitə bağlı olan saray mədəniyyətinin ağır yükü altına Baş Xatun zərif çiyinlərini verəndə tarix təkrarlanır, lider-varis ənənəsi uğurla dəvam edir, ot kökü üstə bitər hikməti ruhun qida yeri olur. Hörmətli Mehriban xanım! Qeyd olunan bu incə məqamları biz Sizin rəhbərliyinizlə gerçəkləşən genişmiqyaslı layihələrdə, təşkil olunan konfrans və simpoziumlarda, Milli Məclisdə qəbul olunan Ölüm hökmünün ləğvi ilə bağlı qanun layihəsinin qəbulu zamanı yaşadıq. Avroviziya mahnı müsabiqəsində, Birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, Azərbaycan muğamının, xalısının, tarın, sazın, kamanın, neyin, udun, kəlağayının, və digər incilərimizin UNESKO-nun xətti ilə dünyanın maddi-mədəni irsi siyahısına daxil olanda gördük. Hörmətli Mehriban xanım! Siz təkcə mühim işlər görmədiniz, Xocalıya ədalət kampaniyası ilə tarix yaradan, övladınızın, Fondun vitse- prezidenti xanım Leyla Əliyevanın arxasında dayandınız. 30 il sonra tarixi intizara son qoyan Müzəffər Ali Baş Komandanın, Prezident cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətə dəstək verdiniz, ona arxalandınız, ona arxa oldunuz! Hörmətli Mehriban xanım! 44 günlük tarixi savaş, Vətən müharibəsi günlərində nümayiş etdirdiyiniz iradəni, sonsuz Vətən sevgisini biz bu gün Qarabağda, Şərqi Zəngəzurdakı möhtəşəm quruculuq işlərində görür, varlığınızla qürur duyuruq! Bu gün bütün Türk dünyası, Turan elləri, Şərq və Qərb dəyərlərinin sintezini bəşəriyyətin nicat yolu hesab edən müdrik insan, ailə dəyərlərini ən ali dəyərlərdən uca tutan Azərbaycan vətəndaşı, Qazi, Şəhid ailəsinin üzvü Sizi sevir, adınızı dərin hörmət, ehtiram və qürur hissi ilə çəkir, özünü Müzəffər Ali Baş Komandanın və Sizin Vətən, Azərbaycan naminə gördüyü işlərin əsgəri hesab edir. Hörmətli Mehriban xanım! Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, uzun ömür, cansağlığı arzulayırıq! Zərifə Quliyeva “Modern Ailə və İnkişaf” İctimai Birliyinin sədri, Qalib Əliyev Dayaq Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri
QHT sədri işğaldan azad edilmiş ərazilədə mina problemlərindən danışıb – AÇIQLAMA
“Azərbaycan dünyada minalardan və PHS-dən zərər çəkmiş, müharibənin mirası ilə təqib olunan ölkələr sırasındadır. Bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş ölkələrdəndir. Piyadalar əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursatlar Koalisiyasının (ICBL-CMC) Landmine Monitor Report 2020 layihəsinin məlumatına əsasən Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır. “Qlobal miqyasda Azərbaycan minalanmış ərazilərinə görə ön sıradadır. Bu, məcburi köçkünlərin ərazilərinə qayıtmasına da problem yaradır. Ermənistanın basdırdığı saysız minalar 800 min məcburi köçkünün ərazisinə qayıtması və humanitar fəaliyyət baxımında böyük problemdir”. brtm.az xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” adlı layihəsinin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı qeyd edib. Onun sözlərinə görə, ilk atəşkəsdən sonra (12 may 1994-cü il) Azərbaycan Ordusunun Mühəndis Qoşunları Füzuli rayonunun işğaldan azad edilmiş 22 kəndinin ərazisində minalardan təmizləmə əməliyyatlarına başladı, 15 mina sahəsindən 19 minə yaxın tank əleyhinə mina və 22 minə yaxın piyada əleyhinə mina zərərsizləşdirdi: “Vətən müharibəsindən sonra məlum oldu ki, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırğasındadır. İşğaldan azad edilmiş 1 166 702 ha ərazidə minaların olması güman edilir, bunun da 211 800 ha yüksək və 954 902 ha orta və aşağı çirklənmə səviyyəsindədir. “Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə azad edilmiş ərazinin təxminən beşdə biri yüksək dərəcədə çirklənmiş və təxminən üçdə ikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir.” Aparılan tədqiqat zamanı keçmiş təmas xəttinin və onun ətrafında yerləşən bağların, meşələrin, üzüm bağlarının, dağıdılmış yaşayış məntəqələrinin, çay sahillərinin minalarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Minalara həmçinin kənd təsərrüfatına yararlı torpaqlarda və ətraflarında, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində (kəhrizlərdə) rast gəlinir. Ağdam rayonunun Yusifeanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracalılar, Laçın rayonunun Suarası, Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var. Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub”.
Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” başa çatıb
Avqustun 15-17-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Şamaxı şəhərində keçirilən “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı” başa çatıb. 3 gün davam etmiş təlimlərdə layihələlərin hazırlanması, məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi, icra mərhələləri, dataların toplanması və təhlili, qərar qəbulu prosesi, hədəf qrupları, tərəfdaşlarla iş və s. kimi mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb, “İqlim dəyişmələrinə qarşı mübarizə və ətraf mühitin qorunmasına dair fəaliyyətin hazırlanması, problemin düzgün müəyyən olunması” mövzusunda praktiki qrup işləri təşkil olunub. Təlimləri layihələrin tərtibi üzrə beynəlxalq dərəcəli ekspertlər aparıb. Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunub. Təlimdə 100-ə yaxın QHT təmsilçiləri iştirak edib. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Şamaxı şəhərində “QHT-lərin V İnkişaf və Mübadilə Proqramı”ndan sonra iştirakçı QHT təmsilçiləri həmrəylik flaşmobu təşkil edib. Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan şəhərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib. Ümumilikdə, bu proqramlarda indiyədək 450-dən çox QHT iştirak edib. Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.