MQF “Ailə Dəstək ” Mərkəzinin 26 dekabr 2017-ci il tarixində keçirilən “Təhsil – cəmiyyətin və ailənin əsas meyarıdır” mövzusunda tədbirin icrasına başlanmışdır.
Tədbirin əsas məqsədi.
Vətəndaş cəmiyyətində insanlar müxtəlif sosial qruplar yaratmaq imkanına sahib olur. İnsanların təsis etdiyi sosial qruplardan ən önəmlisi ailədir. Ailə kiçik sosial qrup olub cəmiyyətin ilkin özəyini təşkil edərək, onu formalaşdıran əsas elementlərdən biri sayılır. Cəmiyətin inkişafında ailənin rolu böyükdür. Nikah isə ailənin hüquqi əsasıdır. Ölkənin inkişafı haqqında fikir söyləmək üçün cəmiyyətdə ailənin vəziyyətinə və dövlətin ailəyə münasibətinə nəzər salmaq lazımdır. Ailənin əmin-amanlığı ölkənin tərəqqi və inkişaf meyarıdır.
MQF “Ailə Dəstək ” Mərkəzi bacardığı qədər maariflənmə işi apararaq hesab edir ki, ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Cəmiyyətin formalaşmasında mühüm rol oynayan şəxsiyyətin əxlaqi və sosial keyfiyyətlərinin əsası ailədə qoyulur. Bu mənada ailə cəmiyyətin insani dəyərlərinin qorunmasını, nəsillərin mədəni və tarixi varisliyini təmin edən əsas meyardır. Mərkəz çalışır ki, ictimai sahədəki fəaliyyətini vətəndaşlara və institutlara daha inkluziv dünyaya töhfə verməkdə kömək etsin və sosial tədbirlərdən tutmuş müxtəliflik və gənclərlə bağlı məsələlərə kimi bütün lokal məsələləri qlobal miqyasa çatdırsın. Gənclər fəal vətəndaşlıq sahələrində fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq səviyyəsində proqramlar həyata keçirsin.
Gənc nəslin tərbiyəsi yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla, təlim-tərbiyə aldığı pedaqoji kollektiv, ən vacibi isə böyüyüb başa çatdığı ailəsi ilə sıx bağlıdır. Təlim-tərbiyə isə insan psixologiyasını formalaşdıran mühüm amil sırasında öndə gedən elementdir, çünki uşaqların fərqli olan baxışları, qavrayışı, nitqi məhz ailədə, məktəbdə və cəmiyyətdə təşkil olunan tərbiyə əsasənda formalaşır. Ona görə də tərbiyə, xüsusilə də məktəblərdə qurulan tərbiyə işi hər bir müəllimdən pedaqoji ustalıq tələb edir. Pedaqoqlar uşaq psixologiyasını onların baxışlarından oxumalı, ailə həyatları, məişətləri ilə yaxından tanış olmalıdırlar. Məhz buna görə müasir dövrün tələbləri müəllimlərin üzərinə ciddi vəzifələr qoyur. Ümumiyyətlə, gənc nəsil ailə və məktəbdə formalaşır, mühitdə inkişaf edir. Qazandığı uğurları iş prosesində – peşədə, sənətdə davam etdirərək xalqa, doğmalarına fayda verir. İctimai mühitin də, kollektivin də, rəhbərliyin də, dostların da gənclərin tərbiyəsində rolu hədsizdir. Bunun üçün cəmiyyətdə demokratiyanın inkişaf etdirilməsi əsas şərtdir ki, bu da gəncliyin sağlam inkişafına təkan verir.
Azərbaycanda ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.